Bakı Biznes Universiteti Avropa təhsil sisteminə inteqrasiyası üçün son illər çoxşaxəli işlər aparır. Bu gün bu istiqamətdə yeni bir praktiki addım atılmışdır.
11.07.2017-ci il tarixində Bakı Biznes Universiteti ilə Çexiyanın ən böyük dövlət Universitetlərindən biri olan Tomas Bata Universiteti arasında ikili diplom müqaviləsi imzalanmışdır. Müqavilələrin imzalanması Bakı Biznes Universitetində həyata keçirilmişdir. Universitetlər arasında bu günə qədərki 4 illik əməkdaşlıq müddətində çoxsaylı tələbə və müəllim mübadiləsinin nəticəsi olaraq bu ikili diplom müqaviləsinin imzalanması baş tutmuşdur. Bu mügavilə magistratura səviyyəsi üzrə “Maliyyə”, “Menecment” və “Biznesin idarə edilməsi” ixtisaslarını əhatə edəcəkdir. Qeyd olunan müqavilədən Bakı Biznes Universitetinin və Çexiyanın Tomas Bata Universitetinin magistr tələbələri yararlana biləcəklər. İmzalanan müqaviləyə əsasən Bakı Biznes Universitetinin tələbələri 1 il (60 kredit) Bakı Biznes Universitetində digər 1 ili (60 kredit) isə Çexiyanın Tomas Bata Universitetində təhsillərini davam etdirəcəklər. Proqramı uğurla başa vuran və magistr dissertasiyasını müdafiə edən tələbələr yekunda həm Bakı Biznes Universitetinin, həm də Tomas Bata Universitetinin magistr səviyyəsi üzrə diplomlarını əldə edəcəklər.