Sentyabrın 15-də yeni – 2017/2018-ci tədris ilinin başlanması ilə əlaqədar Bakı Biznes Universitetində ənənəvi olaraq “Bilik günü” qeyd edilmişdir. Tədbirdə Universitetin professor-müəllim heyəti, bu il tələbə adını qazanan bakalavriat və magistrantlar iştirak etmişlər. Universitetin rektoru, i.e.d., prof. İbad Abbasov tədbiri giriş sözü ilə açaraq toplantı iştirakçılarını “Bilik günü” münasibəti ilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır. O, eyni zamanda, Universitetimizin fəaliyyəti, əldə etdiyi uğurlar və gələcəkdə qarşıda duran məsələlərdən bəhs etmişdir. Daha sonra Universitetə qəbulda yüksək nəticələr əldə etmiş bakalavriat və magistrantlara tələbə biletləri və qiymətli hədiyyələr təqdim edilmişdir. Tədbir fakültə dekanlarının çıxışları ilə yekunlaşmışdır.