23 noyabr 2017-ci il tarixində Bakı Biznes Universitetində Yasamal rayon məktəblilərinin “Ölkəmizi tanıyaq” mövzusunda inşa-yazı müsabiqəsi keçirilmişdir. Müsabiqəni giriş sözü ilə Universitetin rektoru i.e.d., prof. İbad Abbasov açaraq məktəbliləri salamlamış və qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən yeniyetmə gənclərin hərtərəfli inkişafı və layiqli vətəndaş kimi yetişdirilməsi üçün yaradılan imkanlardan biri kimi Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Bakı Biznes Universitetinin təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” devizi altında məktəblilərin Cənub bölgəsinə maarifləndirici tur-aksiyası təşkil edilmişdir. Bu gün isə Yasamal rayon məktəbliləri həmin tur-aksiyadan qazandıqları təəssüratları öz inşa yazılarında əks etdirəcəklər. Müsabiqənin məqsədi məktəblilərin “Ölkəmizi tanıyaq” devizi altında bölgənin timsalında xalqımızın müasir həyatı, tarixi, mədəniyyəti, adət-ənənələri və özünəməxsus xüsusiyyətləri ilə yaxından tanışlıqlarının nəticəsi olaraq bilikli və istedadlı gənclərin aşkara çıxarılmasından ibarətdir. Sonra isə professor İbad Abbasov bütün müsabiqə iştirakçılarına uğurlar arzuladı.
Müsabiqədə məktəblilər ölkəmizin Cənub bölgəsinin coğrafi mövqeyi və abadlıq quruculuq işləri, tarixi mədəniyyət abidələri, muzeyləri, qoruqları, mənzərələri, adət-ənənələri, şəhidləri, qəhrəmanları haqqında öz fikirlərini əks etdirmişlər. İnşa yazılarında həmçinin bölgənin tanınmış şəxsiyyətləri, alimləri və ziyalıları haqqında da şərhlər verilmişdir. İnşa-yazı müsabiqəsi qaliblərinə qiymətli hədiyyələr və mükafatlar, fərqlənənlərə isə sertifikatlar təqdim edilmişdir.