Bakı Biznes Universitetində 3 may 2018-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycanın iqtisadi inkişaf istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirildi. Konfransın məqsədi Azərbaycan Xalq Cümhuriyyəti dövründə iqtisadi münasibətlərin formalaşması və müasir Azərbaycanın sosial-iqtisadi inkişafının nəticələrini təhlil etmək və perspektivdə bu prosesin daha uğurla davam etdirilməsi üçün qarşıya qoyulan vəzifələrin həlli yollarını müəyyənləşdirməkdən ibarətdir. Konfransı Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamladı və konfransın aktuallığı, məqsədi, mahiyyəti, müzakirə olunacaq məsələlərdən qısa şəkildə bəhs etdi. Sonra o, konfransın gedişatına uğurlar arzuladı.
Konfransda Azərbaycan Xalq Cümhuriyyəti dövründə coğrafi-iqtisadi inkişaf şəraiti və maddi-mənəvi dəyərlərin strategiyası, iqtisadi münasibətlərin formalaşması, Heydər Əliyev və müasir Azərbaycanın sosial-iqtisadi inkişafı, maliyyə institutlarının formalaşdırılması, Azərbaycanda tədris-təlim texnologiyalarının tətbiqi, xalq təsərrüfatının müxtəlif sahələrində və funksional bölmələrində iqtisadi islahatların aparılması, əhalinin sosial müdafiəsi, optimal vergi siyasəti, xarici iqtisadi əlaqələrin genişləndirilməsi və digər təxirəsalınmaz məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur.
Tədbirdə 6 ölkənin 9 ali təhsil müəssisəsindən 12 nəfər alim-tədqiqatçı iştirak etdi. Konfransda AMEA-nın həqiqi üzvü, i.e.d. professor Ziyad Səmədzadə, AMEA-nın müxbir üzvü i.e.d., professor Akif Musayev, AMEA-nın müxbir üzvü, i.e.d., professor, Əməkdar Elm Xadimi Əli Nuriyev, Bakı Biznes Universitetinin kafedra müdiri, i.e.d., professor, İslam İbrahimov, həmçinin Rusiya Federasiyasından, İtaliya, Litva, Serbiya, Ukrayna, Gürcüstan Respublikalarından və digər ölkələrdən gələn tanınmış alim-tədqiqatçılar mövzu ətrafında maraqlı məruzələr etdilər. Konfrans alim-tədqiqatçıların çıxışları ilə öz işini davam etdirdi.