05 oktyabr 2018-ci il tarixində Bakı Biznes Universiteti və ASC “Standard İnsurance” sığorta şirkətinin təşkilatçılığı ilə Bakı Biznes Universitetinin konfrans zalında “Karyerada ilk addımlar” devizi altında bakalavriat və magistrant tələbələrlə görüş keçirilmişdir. Tədbirin məqsədi tələbələrin sığorta sahəsində bilik və bacarıqlarını artırmaq və əldə etdikləri nəzəri bilikləri şirkətdə təcrübə keçərək, gələcək karyeralarında uğur qazanmalarına köməklik göstərmək, həmçinin Bakı Biznes Universitetinin tələbələrinin birbaşa “Standard İnsurance” sığorta şirkətində təcrübə keçmələrini təmin etməkdən ibarət olmuşdur.
Qeyd olunan tədbirdə Bakı Biznes Universitetinin rektoru i.e.d., prof. İbad Abbasov, ASC “Standard İnsurance” sığorta şirkətinin idarə heyətinin sədri Anar Sadıxov, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli, Maliyyə Bazarlarına Nəzarət Palatasının Qeyri-həyat sığorta infrastrukturlarına nəzarət idarəsinin böyük mütəxəssisi Firdovsi Ağaşirinov, Asprof şirkətinin direktoru Cahid Qurbanov, həmçinin ASC “Standard İnsurance” şirkətinin əməkdaşları, professor-müəllim heyəti və tələbələr iştirak etmişdir. Universitetin rektoru və qonaqlar çıxış edərək tələbələri bu ikili əməkdaşlıqdan və təcrübə proqramından aktiv şəkildə istifadə etməyə səslədilər. Tədbir sığorta sahəsi ilə bağlı prezentasiya və tələbələrin sualları ilə davam etdirilmişdir.