Fevralın 22-də “Azərkitab” Kitab Mərkəzində Bakı Biznes Universitetinin mətbuat xidmətinin rəhbəri, şair-publisist Mədət Əyyuboğlunun 60 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində, həmçinin Əli Rza Xələflinin “Şair-publisist Mədət Əyyuboğlu” kitabının təqdimatı olub.
Tədbiri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açaraq yubilyarın ömür yoluna nəzər salıb. Bildirib ki, Mədət Əyyuboğlu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, sonralar bir sıra qəzet və jurnallarda çalışıb. Cavan yaşlarında mətbuat sahəsində məsul vəzifələrdə çalışıb. “O, hər şeydən əvvəl jurnalistdir, yazıçıdır, publisistdir, şairdir. Sözün əsl mənasında vətəndaşdır. O, çox saylı mükafatların sahibidir”, - deyə Ə.Amaşov qeyd edib.
Tanınmış şair və publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli bildirib ki, onun üçün iki obraz var. Birincisi, şair Mədət Əyyuboğlu, ikincisi də publisist Mədət Məmmədov və hər iki obraz bir-birini tamamlayır. Obrazlı nitq mənanı publisistikada da poeziyada olduğu kimi poetik bir əhvalla təqdim edir. Mədət Məmmədov yüksək dərəcədə mətbuatla iş təcrübəsinə malik publisist-jurnalistdir. Ancaq mətbuatla sıx əlaqə onun obrazlı nitqinə nə qədər müdaxilə etsə də, bu nitqin poetik strukturunu dağıda bilmir. M.Məmmədovun publisistik yazıları, essevari düşüncələri M.Əyyuboğlunun poeziyası kimi şirinliklə oxunur.
Tədbirdə BDU-nun jurnalistika fakültəsinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli və başqaları çıxış edərək yubilyarı təbrik edərək kitab barədə fikirlərini bölüşüblər.
Qeyd edilib ki, Əli Rza Xələflinin “Şair-publisist Mədət Əyyuboğlu” kitabında tanınmış şair, ictimai xadim, mətbuat təşkilatçısı Mədət Əyyuboğlunun həyat və yaradıcılıq yolundan bəhs edən məqalələr, ədəbi düşüncələr, rəylər və mülahizələr toplanıb. Məqalələrdə şair Mədət Əyyuboğlunun şair-vətəndaş, şair-insan, şair-söz, şair-sənət prizmasından obrazı dolğun əksini tapır. Şairi narahat edən həyat-cəmiyyət problemləri, insan-dünya modelində görünən və görünməyən tərəflər - dərdlər, ağrılar işğal faciəsinin poetik ifadəsi kimi ədəbi tənqidin təhlil süzgəcindən keçirilir. Mədət Əyyuboğlunun əqidəli, prinsipial mövqeyi kitabda təqdim olunan publisist yazılarında, ədəbi-tənqidi qeydlərində, onun mətbuat və digər kütləvi informasiya vasitələri haqqında düşüncələrində də görünür. Kitab söz yanğısı ilə ömrünün kamillik çağlarını yaşayan şair, publisist, ictimai xadim Mədət Əyyuboğlunun oxucuların daha yaxından tanıması üçün dəyərli mənbədir.
Sonda Mətbuat Şurası tərəfindən yubilyara diplom təqdim edilib.