28 iyun 2019-cu il tarixində Bakı Biznes Universitetində təntənəli şəkildə “Məzun Günü” qeyd olunmuşdur. “Məzun – 2019” proqramı çərçivəsində tədbiri giriş sözü ilə Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açmışdır. O, tələbə-məzunları, valideynləri, bu il magistraturaya qəbul olunan bakalavrları, əvvəlki illərdə Universiteti bitirmiş məzunları və qonaqları salamlamış, bu möhtəşəm bayram münasibətilə öz təbriklərini çatdırmışdır. Qeyd edilmişdir ki, bu il Bakı Biznes Universitetini bitirmiş 290 bakalavrdan 146-nı “Biznes və menecment” fakültəsi, 144-nü isə “İqtisadiyyat və idarəetmə” fakültəsi təşkil edir. Həmçinin 45 magistr bu il məzun olmuşdur.
Eyni zamanda Universitetdə tələbə-məzunların əmək bazarına inteqrasiyası istiqamətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” devizi altında əmək yarmarkası təşkil edilmişdir. Yarmarkada iştirak edən tələbələr və məzunlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təqdim edilən iş yerləri ilə maraqlanmış, müvafiq sənədləri təqdim etmişlər. Yarmarkada Bakı Şəhərinin Rayonlarının Məşğulluq Mərkəzləri ilə əməkdaşlıq edən 50-yə yaxın müəssisədən 44-ü qeyri-dövlət, digərlərini isə dövlət müəssisələri təşkil edir. Ümumilikdə tədbirdə iştirak edən müəsissələr tərəfindən 272-dən artıq boş iş yeri təqdim edilmişdir. Təqdim olunan boş iş yerlərinin 230-nu qeyri-dövlət müəssisələri, digərlərini isə dövlət müəssisələri təşkil edir. Təqdim olunan vakant iş yerlərində maksimum əmək haqqı – 1200 manat, minumum əmək haqqı isə – 180 manat təşkil edir.
Tədbirin bədii hissəsində Respublikamızın tanınmış incəsənət xadimlərinin və Bakı Biznes Universitetinin bədii özfəaliyyət kollektivi üzvlərinin iştirakı ilə möhtəşəm bayram konsert proqramı olmuşdur.