Bakı Biznes Universitetində 25 noyabr 2020-ci il tarixində torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən tarixi qələbəyə həsr olunmuş “Rəqəmsal iqtisadiyyat: Azərbaycan yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda onlayn beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Konfransı Bakı Biznes Universitetinin rektoru, i.e.d., prof. İbad Abbasov giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamladı və cənab Ali Baş Komandanın rəhbərliyi altında müzəffər və rəşadətli Azərbaycan ordusunun düşmən üzərində əldə etdiyi möhtəşəm qələbə münasibətilə bütün konfrans iştirakçılarını təbrik etdi. Daha sonra o, konfransın aktuallığı, məqsədi və müzakirə olunacaq məsələlərdən qısa şəkildə bəhs edərək konfransın gedişatına uğurlar arzuladı.
Tədbirdə 6 xarici ölkədən – İngiltərə, İtaliya, Polşa, Ukrayna, Bolqarıstan və Rusiya Federasiyasından tanınmış alim-tədqiqatçılar iştirak etdi. Konfrans müddətində ölkəmizin tanınmış iqtisadçı alimləri – AMEA-nın həqiqi üzvü akademik Ziyad Səmədzadə, AMEA İqtisadiyyat İnstitutunun direktoru i.e.d., prof. Nazim Müzəffərli (İmanov), AMEA-nın müxbir üzvü professor Akif Musayev, i.e.d., prof. Səlim Müslümov, Auditorlar Palatasının sədri i.e.d., prof. Vahid Novruzov, Azərbaycan Dövlət İqtisad Universitetinin Elm və innovasiyalar üzrə prorektoru i.e.d., prof. Sakit Yaqubov, i.e.d., prof. İslam İbrahimov və digər ölkələrdən iştirak edən alimlər mövzu ətrafında maraqlı məruzələrlə çıxış etdilər. Plenar iclasdan sonra konfrans doktorant və magistrantların da iştirakı ilə 3 seksiya üzrə onlayn formatda öz işini davam etdirdi.