27 sentyabr – Anım Günü ilə əlaqədar Bakı Biznes Universitetində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə hörmət əlaməti olaraq anım tədbiri keçirilmişdir. Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Universitetin rektoru i.e.d., prof. İbad Abbasov çıxış edərək 44 gün davam edən və tarixi qələbəmizlə nəticələnən II Qarabağ müharibəsindən bəhs etmişdir. Rektor qeyd etmişdir ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etmişdir. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Azərbaycan özünün haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirmişdir. Rektor çıxışında xüsusilə vurğulamışdır ki, Vətən müharibəsində qazi olmuş, eləcə də müharibədə iştirak etmiş tələbə-məzunlarımıza, şəhid olmuş məzunlarımızın ailələrinə Bakı Biznes Universiteti hər zaman dəstək olmuş və bundan sonra da əlindən gələni əsirgəməyəcəkdir. Rektorun nitqindən sonra Vətən müharibəsinə həsr edilmiş sənədli film nümayiş etdirilmişdir. Tədbirin sonunda Bakı Biznes Universitetinin Vətən müharibəsində çətin və şərəfli döyüş yolu keçmiş tələbə-məzunlarından bir neçəsi müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına apardıqları mübarizədən və döyüş xatirələrindən danışmışlar. Onlar bu qələbənin Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu və heç bir zaman bu qəhrəmanlığın unudulmayacağını qeyd ediblər.
Tədbirdən sonra Universitetin rektoru ilə qazi olmuş, eləcə də müharibədə iştirak etmiş tələbə-məzunlarımızın xüsusi görüşü keçirilmişdir. Görüşdə rektor onların problemləri ilə ayrı-ayrılıqda maraqlanmış, onlara olan hörmətini və dəstəyini bir daha ifadə etmişdir.