Noyabrın 5-də Bakı Biznes Universitetində 8 Noyabr Zəfər Günü ilə bağlı möhtəşəm tədbir keçirilmişdir. Tədbirdən əvvəl Universitetin rektoru i.e.d., prof. İbad Abbasov tədbir iştirakçıları ilə birgə 44 günlük Vətən Müharibəsində Bakı Biznes Universitetinin məzun və tələbələrindən ibarət olan şəhid, qazi və iştirakçıların xatirəsinə yaradılmış guşəni ziyarət edərək qarşısına gül dəstələri qoymuşlar. Daha sonra universitetin rektoru i.e.d., prof. İbad Abbasov Bakı Biznes Universitetinin şəhid məzunlarının ailəsi ilə görüşərək onların qayğı və problemləri ilə maraqlanmışdır. Görüş zamanı rektor şəhid ailələrinin maddi durumuna kömək məqsədilə onlara müəyyən qayğılar göstərilməsi ilə bağlı göstərişlər vermişdir. Tədbirin başlanğıcında Bakı Biznes Universitetinin rektoru professor İ.M. Abbasov 8 Noyabr Zəfər Günü ilə bağlı çıxış edərək bu günün Azərbaycan xalqının tarixinə ən şərəfli bir tarix olaraq yazıldığını vurğulamışdır. O, həmçinin bu şərəfli günü bizə yaşadan ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin güclü iradəsindən, şanlı ordumuzun qəhrəmanlığından və bütövlükdə xalqımızın rəşadətindən bəhs etmişdir. Rektor çıxışında Bakı Biznes Universitetinin qazi olmuş məzun və tələbələrinin sağlamlıq problemlərinə də toxunaraq onların mərhələlərlə Almaniyada müalicəsini Universitet olaraq öz üzərinə götürdüklərini bəyan etmişdir. Rektor daha sonra müharibə iştirakçıları və qazilərin iş imkanları haqqında danışaraq bu barədə də onlara köməklik göstəriləcəyinə söz vermişdir. Rektor həmçinin müvəqqəti əmək qabiliyyətini itirmiş qazilərə minimum həddə ömürlük təqaüd təsis etdiyini bildirmişdir. Tədbirin sonunda Bakı Biznes Universitetinin bədii yaradıcılıq kollektivinin iştirakı ilə geniş konsert proqramı olmuşdur.