Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış “Təhsil Tələbə Krediti Fondu”nun vəsaiti hesabına 25 noyabr 2021-ci il tarixindən etibarən tələbə kreditlərinin verilməsi üçün elektron müraciətlərin qəbuluna başlanılmışdır.
Təhsil tələbə kreditinin (TTK) SOSİAL və STANDART növləri mövcuddur.
Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən SOSİAL TTK-dən istifadə etmək hüququna malikdirlər:
· ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
· 3-cü dərəcə əlilliyi olanlar;
Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan
kateqoriyaların hər hansı birinə aid olanlar:
· 1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar;
· işsiz kimi qeydiyyatda olanlar;
· yaşa görə əmək pensiyası alanlar;
· yaşa görə sosial müavinət alanlar.
Sosial TTK almaq hüququ olmayan, eləcə də aşağıdakı şərtləri təmin edən tələbələr STANDART TTK-dan istifadə etmək hüququna malikdirlər:
1. Birinci tədris ilinin ilk semestri üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar (bakalavriat səviyyəsi üçün 300-700 bal aralığı, magistratura səviyyəsi üçün 50-100 bal aralığı) və illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.
2. Digər semestrlər üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar və illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.
Daha ətraflı məlumat üçün Elektron Təhsil Tələbə Kreditinin portalına www.e-ttkf.edu.az müraciət edərək Videotəlimat, İstifadəçi təlimatı, Sual cavab bölmələrində olan məlumatlarla tanış ola bilərsiniz. Eyni zamanda portalda qeydiyyatla bağlı hər-hansı bir çətinlik yarandığı halda tyutorlara müraciət edə bilərsiniz.