Mayın 27-də Bakı Biznes Universitetində 28 May Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra Universitetinin rektoru i.e.d., prof. İbad Abbasov çıxış edərək professor-müəllim heyətini və tələbələri bu əlamətdar gün münasibətilə təbrik edib. Rektor Müstəqillik Gününün Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biri olduğunu qeyd edib. 104 il bundan əvvəl əsası qoyulmuş demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində şərəflə fəaliyyət göstərmiş və Azərbaycan xalqının öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etmişdir. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoyub. Tədbirin yekununda 28 may Müstəqillik Gününə həsr edilmiş video çarx nümayiş etdirilib.