26 iyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar 23 iyun 2022-ci il tarixdə Bakı Biznes Universitetində “Mən öz gələcəyimi seçirəm” adlı tədbir keçirilmişdir. “Humanitar elmlər” kafedrası tərəfindən keçirilən bu tədbirdə sosial iş ixtisası üzrə təhsil alan tələbələr və kafedranın professor-müəllim heyəti iştirak etmişdir. “Humanitar elmlər” kafedrasının müdiri dos. Əzim Piriyev tədbiri açıq elan edərək ölkəmizdə narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsinin cari vəziyyəti haqqında məlumat vermişdir. Daha sonra tədbirdə mühazirəçi qonaq qismində dəvət edilmiş sosial işçi, Sosial Xidmətlər Mərkəzinin rəhbəri Sənubər Heydərova və klinik psixoloq, psixoterapevt Təhmasib Cavadzadə çıxış etmişlər. S. Heydərova narkomaniyanın sosial mənşəli bir problem olduğunu nəzərə çatdıraraq, ölkədə narkomaniya ilə mübarizədə mövcud olan sosial xidmətlərdən danışmışdır. T.Cavadzadə isə narkotik maddələrin psixoloji asılılıq yaratmasını vurğulamış və narkotik maddə istifadəçilərinə verilən psixoloji dəstək haqda məlumat vermişdir. Tədbir tələbələr tərəfindən verilmiş sualların mütəxəssislər tərəfindən cavablandırılması ilə uğurla yekunlaşdırılmışdır.