Məzun – 2022

29 iyun 2022-ci il tarixində  Bakı Biznes Universitetində təntənəli şəkildə “Məzun Günü” qeyd olunmuşdur. “Məzun – 2022” tədbirini giriş sözü ilə Universitetin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov açmışdır. O, tələbə-məzunları, valideynləri, bu il magistraturaya qəbul olunan bakalavrları, əvvəlki illərdə Universiteti bitirmiş məzunları və qonaqları salamlamış, bu möhtəşəm bayram münasibətilə öz təbriklərini çatdırmışdır. Rəsmi hissədə Universitetin bir sıra məzunlarına “Logistika”, “Marketinqin əsasları və satış”, “Biznesin idarə edilməsində yerli və beynəlxalq təcrübələr” kurslarından müvəffəqiyyətlə keçdiklərinə görə “Stimul” şirkəti tərəfindən müvafiq sertifikatlar təqdim edildi. Sonra Bakı Biznes Universitetinin təşəbbüsü və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil edilmiş “Yumşaq bacarıqlar” 2 həftəlik təlim proqramını uğurla başa vurduqlarına, “Atəşgah” sığorta şirkətinin dəstəyi ilə keçirilmiş Təlim və Təcrübə proqramında uğurlu iştirakına, Rabitəbank ASC-nin dəstəyi ilə təşkil edilmiş 3 aylıq “Helping Hands” təcrübə proqramını müvəffəqiyyət qazandığına, Embawood MMC-nin dəstəyi ilə təşkil edilmiş istehsalat təcrübəsini uğurla başa vurduqlarına görə şirkət nümayəndələri tərəfindən məzunlara müvafiq sertifikatlar təqdim edildi. Rəsmi hissənin davamında Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov tələbələrin Respublika və rayon tədbirlərində əldə etdikləri uğurlara görə onlara diplom və fəxri fərmanları təqdim etdi. Sonra Gənclər və İdman Nazirliyi Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən Şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıya görə Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasova fəxri fərman təqdim edildi.

Tədbirin bədii hissəsində Respublikamızın tanınmış incəsənət xadimlərinin və Bakı Biznes Universitetinin bədii özfəaliyyət kollektivi üzvlərinin iştirakı ilə möhtəşəm bayram  konsert proqramı keçirildi.