Bakı Biznes Universitetində 27 sentyabr Anım Günü ilə bağlı tədbirlər təşkil olunub. Belə ki, Universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirakı ilə Universitetdə Vətən müharibəsi iştirakçılarının şərəfinə yaradılmış guşə ziyarət edilib. Tədbirdə dövlət himni səsləndirilib və daha sonra Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru i.e.d., prof. İ.M.Abbasov çıxış edərək 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımızın göstərdikləri şücaətlərdən bəhs edib. Rektor qeyd edib ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordumuzun rəşadəti, xalq və dövlətin sarsılmaz birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazılıb. Daha sonra rektor müharibə iştirakçısı olmuş tələbələrlə görüşərək onların qayğıları ilə maraqlanıb və öz dəstəyini bir daha ifadə edib.
Tədbirlər çərçivəsində Universitetdə ilk dərs saatı Anım gününə həsr edilib və tələbələrə İkinci Qarabağ müharibəsi barəsində məlumatlar verilib. Həmçinin Universitetdə ordumuzun qəhrəmanlıqlarına, şanlı qələbəsinə həsr edilmiş video çarxlar nümayiş etdirilib.