Bakı Biznes Universitetində 05 noyabr 2022-ci il tarixində Zəfər Günü qeyd edilib. Tədbirdə universitetin professor-müəllim heyəti, məzun şəhidlərin ailə üzvləri, müharibə iştirakçısı olan tələbə-məzunlar, eləcə də geniş tələbə kontingenti iştirak edib. İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə dövlət himni səsləndirilib, daha sonra şəhid və qazilərin xatirəsinə həsr edilmiş guşə önünə tər gül dəstələri qoyulub. Universitetin rektoru i.e.d., prof. İbad Abbasov çıxış edərək bütün tədbir iştirakçılarını Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edib. İ.Abbasov qeyd edib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər. Rektor 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini ifadə edib. O, həmçinin noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin işğaldan azad edildiyini və bu döyüşün dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri olduğunu xüsusilə qeyd edib.
Daha sonra Rektor Vətən müharibəsi iştirakçısı olmuş bir neçə məzuna diplomlarını təqdim edib, onlara gələcək əmək fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edib. İbad Abbasov bütün müharibə iştirakçısı olmuş tələbə-məzunlara, şəhid ailəsi üzvlərinə yaxından dəstəyini bir daha ifadə edib. Tədbirin yekununda Zəfər Gününə həsr edilmiş video çarx nümayiş etdirilib.