Tədbirdə Universitetin rektoru i.e.d., prof. İbad Abbasov, Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli, Universitetin və Agentliyin rəhbər şəxsləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan rektor qonaqları salamlayıb və Bakı Biznes Universitetində görməkdən məmnun olduğunu söyləyib. İ.Abbasov iqtisadiyyatda, cəmiyyətdə baş verən sürətli dəyişikliklər əmək bazarının ehtiyaclarının, tələblərinin də dəyişilməsinə səbəb olduğunu, bununla da Universitetlər qarşısında yeni vəzifələrin və tapşırıqların dayandığını qeyd edib. Rektor bu məqsədlə dövlət, universitet və sənaye işbirliyinin önəminə toxunaraq əməkdaşlığın möhkəmləndirilməsinin və yeni istiqamətlərin müəyyən edilməsinin zəruriliyini vurğulayıb. İ.Abbasov tədris prosesinin yeni texnologiya ilə təşkilini, peşə kompetensiyalarına əsaslanan təhsil sisteminin qurulmasını, bacarıqların sertifikatlaşdırılmasını məzunların işlə təmin olunması səviyyəsinin yüksəldilməsində önəmli mexanzimlər kimi qiymətləndirib və bu istiqamətdə universitetdə praktiki addımların atıldığını və artıq bir sıra uğurların əldə edildiyi də ifadə edib. Rektor Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığın tərəflər üçün olduqca faydalı olacağını söyləyib.
Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli əmək bazarının mövcud vəziyyəti, cari ehtiyacları və tələblərinin təmin edilməsi məsələlərindən bəhs edib. Agnetliyin sədri təhsil müəssisələrinin Dövlət Məşğulluq Agentliyinin ən yaxın tərəf müqabillərindən olduğunu və bu sahədə əməkdaşlığa xüsusi diqqət yetirdiklərini söyləyib. M.Abbasbəyli məzunların layiqli işlə təmin olunması üçün təkcə nəzəri biliklərin kifayət etmədiyini, peşə və ümumpeşə bacarıqlarına malik olmağın vacibliyini diqqətə çatdırıb. M.Abbasbəyli həmçinin universitetlərdə karyera mərkəzlərinin tələbələr tərəfindən düzgün karyera planlamasının aparılması, onların peşəkar inkişafının təmin edilməsində strateji rol oynadığını bildirib. O, həmçinin universitetlərin Karyera mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi məqsədilə Karyera Mərkəzləri Şurasının yaradıldığını da sözlərinə əlavə edib.
Daha sonra Universitet-sənaye işbirliyi və ömurboyu öyrənmə mərkəzinin direktoru Gülşən Bayramova təqdimatla çıxış edərək Bakı Biznes Universitetinin koordinatoruluğu ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində tələbə-məzunlarla əlaqəli fəaliyyətləri qeyd edib.
Yekunda Dövlət Məşğulluq Agentliyi ilə həyat keçirilən layihələrdə qarşılıqlı iştirak, universitet məzunlarının məşğulluq səviyyəsinin təhlil edilməsi, ortaq proqramların hazırlanması, əmək yarmaraklarının keçirilməsi və digər istiqamətlərdə əməkdaşlığa dair razılığa gəlinib.