29 mart tarixində Bakı Biznes Universitetində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üçün İş Planına və Universitetin müvafiq fəaliyyət planına uyğun olaraq silsilə tədbirlərdən daha biri – “Sağlam həyat, sağlam cəmiyyət” mövzusunda ictimai mühazirə keçirilib. Tədbirin məqsədi antinarkomaniyanı təbliğ etmək, narkotik maddələrin istifadəsinin insanın fiziki və psixoloji sağlamlığna vurduğu ziyan, cəmiyyətə olan mənfi təsirləri barədə tələbə-gəncləri maarifləndirmək olmuşdur. Tədbiri giriş sözü ilə açan Universitetin təlim-tərbiyə işləri üzrə prorektoru Cavidan Heydarov sağlam həyat tərzinin formalaşdırılmasının əhəmiyyətindən söz açaraq narkomaniyanın bu istiqamətdə ən ciddi və təhlükəli vərdişlərdən biri olduğunu qeyd edib. O qeyd edib ki, cəmiyyətimizin davamlı inkişafı naminə belə problemlərin uğurlu həllinə nail olmaq olduqca zəruridir. Bu baxımdan narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrimizdən biridir.
Daha sonra Universitetin psixoloqu İlhamə Sultanova tərəfindən narkotik maddələrdən istifadənin psixoloji və fiziki fəsadları barədə geniş təqdimat nümayiş etdirilərək interaktiv mühazirə keçirilib. O, narkotik vasitələrdən istifadə edən şəxslərdə yaranan davranış-nitq pozuntuları, müxtəlif psixoloji-fizioloji problemlər, sosial həyatdan təcrid olunma, cinayətkarlığa meyillilik və digər bu kimi sosial problemlər haqqında tələbələri məlumatlandırıb. Yekunda mövzu ilə əlaqədar maarifləndirici video-çarx nümayiş etdirilib.