01 iyun 2023-cü il tarixində Bakı Biznes Universitetində Təhsilin İnkişafı Fondu ilə görüş keçirilib. Görüşün məqsədi qurumlar arasında tanışlığın yaradılması və yeni əməkdaşlığın müzakirəsi olub. Görüşdə Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov, Fondun əməkdaşları Nərgiz İsmayılova, Rəsul Həşimov və Bakı Biznes Universitetinin prorektorları iştirak ediblər.
Bakı Biznes Universitetinin rektoru i.e.d., prof. İbad Abbasov qonaqları salamlayıb və Bakı Biznes Universitetində görməkdən məmnun olduğunu bildirib. Rektor universitetin 30 illik fəaliyyəti haqqında məlumatlar verib, universitetin strateji məqsədləri və hədəflərindən bəhs edib. İ.Abbasov müasir dünyada baş verən sürətli dəyişikliklərin, texnoloji proseslərin, qlobal meyllərin, çağırışların təhsilin, o cümlədən ali təhsilin qarşısında yeni tələblər qoyduğunu bu məqsədlə də təhsilin inkişaf strategiyalarının yenidən nəzərdən keçirilməsinin zəruriliyindən söz açıb.
Daha sonra Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov Bakı Biznes Universitetinin 30 illik yubileyi münasibətilə öz təbriklərini çatdırıb, daha sonra Fondun yaradılması, məqsədləri, missiyası barəsində ətraflı məlumat verib. E.Nəsibov Fond tərəfindən həyata keçirilən layihələrdən söz açıb və perspektivdə yeni layihələrin olduğunu qeyd edib. Sədr Bakı Biznes Universiteti ilə əməkdaşlığın qurulmasını və Fondun həyata keçirdiyi layihələrdə, fəaliyyətlərdə Universitetin iştirakının uğurlu olacağını vurğulayıb.
Yekunda Fondun nümayəndə heyəti Bakı Biznes Universitetinin maddi-texniki bazası tanış olub.