İyunun 23-də Bakı Biznes Universitetində (BBU) təntənəli Məzun Günü keçirilib. Əvvəlcə “Məzun–2023” buraxılış günü çərçivəsində universitetdə iş axtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə karyera sərgisi təşkil olunub. Sərgidə 40-a yaxın aparıcı dövlət və özəl müəssisələr universitetin ixtisaslarına uyğun vakansiya və təcrübə proqramları ilə iştirak ediblər. Eyni zamanda ilk dəfə olaraq məzunlar peşə bacarıqlarını təsdiq edən sertifikatlarla karyera sərgisinə qatılıblar.
Universitetin akt zalında davam edən “Məzun–2023” buraxılış tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə BBU-nun 30 illik səmərəli fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib. Qeyd olunub ki, Bakı Biznes Universiteti əmək bazarının müasir tələblərinə adekvat olan peşə bacarıqlarına malik tələbələr yetişdirə bilib. Elə bunun nəticəsidir ki, ali məktəbin bəzi tələbələri hələ universiteti bitirmədən işlə təmin olunurlar. Bu da ən çox universitetin uğurudur. Təsadüfi deyil ki, universitetin bir çox məzunları həm Vətən müharibəsində qəhrəmanlıq göstəriblər, həm də şəhid ailələlərinə, qazilərə dəstəklərinə görə seçiliblər.
BBU-nun rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov tələbə-məzunları, valideynləri, bu il magistraturaya qəbul olunan bakalavrları, əvvəlki illərdə universiteti bitirmiş məzunları və qonaqları salamlayıb, bu möhtəşəm bayram münasibətilə öz təbriklərini çatdırıb, məzunlara gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb. İ.Abbasov universitetdə təhsil alan hər bir məzunun xalqımızın rifahı yolunda uğurlara imza atacağına əmin olduğunu dilə gətirib. Rektor bu il BBU-dan məzun olan gənclərin universitetdə aldıqları bilik və bacarıqlar sayəsində peşəkar karyera yolunda uğur qazanacaqlarına, ölkəmizin inkişafına töhfələr verəcəklərinə əminliyini bildirib. Rektor xüsusilə qeyd edib ki, məzunlarımızın 40%-i öz peşə bacarıqlarını təsdiq edən sertifikatlar əldə edərək əmək bazarına birbaşa daxil olmağa hazırdırlar.
Mərasimdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov məzunları bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edib, gələcək karyera və həyatlarında uğurlar arzulayıb: “Bu il məzun olacaq tələbələr müstəqil Azərbaycanın dövlət və özəl müəssisələrində çalışaraq, Azərbaycanımıza, dövlətimizin maraqlarına xidmət edəcəklər. 4 il ərzində aldıqları ali təhsili həm nəzəri, həm də praktik cəhətdən nümayiş etdirməklə, savadlı mütəxəssis olduqlarını sübut edəcəklər.” O. Məmmədov, həmçinin KOBİA-nın fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Bakı Biznes Universiteti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Məzun Gününə xüsusi hazırlaşan tələbələr həm yeni və müstəqil həyata qədəm qoymaları, həm də ötən 4 ildə qazandıqları bilik və bacarıqları bölüşmək həvəsi üçün sevincli olduqlarını bildiriblər.
Daha sonra təhsildə qazandıqları uğurlara görə, həmçinin universitetin ictimai həyatında fəallığı ilə fərqlənən və təhsil göstəriciləri yüksək olan bir qrup məzun BBU rəhbərliyi tərəfindən Fəxri fərmanlarla təltif olunublar.
Məzun Günü ənənəsinə uyğun olaraq, tələbələr papaqlarını göyə atıblar.
Məzun Günü ilə bağlı hazırlanan tədbirin bədii hissəsində Respublikamızın tanınmış incəsənət xadimlərinin və Bakı Biznes Universitetinin bədii özfəaliyyət kollektivi üzvlərinin iştirakı ilə musiqi və əyləncə proqramı təqdim olunub.