30.09.2023-cü il tarixində Bakı Biznes Universitetində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın təşkilatçılığı ilə “Sosial sahədə Data analitikası” mövzusunda seminar keçirildi. Milli Observatoriyanın idarə heyəti sədrinin müşaviri Şaiq Kazımov tərəfindən aparılan masterklasda Universitetin təlim və tərbiyə işləri üzrə prorektoru Cavidan Heydarov, müəllim heyəti və Sosial iş ixtisası üzrə təhsil alan 50-dən çox tələbə iştirak etdi.
Açılış nitqi ilə tədbirə başlayan prorektor Nazirlik ilə Universitetin hazırkı sıx əməkdaşlıq əlaqələrindən bəhs edərək gələcəkdə də tələbələrin hərtərəfli inkişafına töhfə verəcək müxtəlif istiqamətli tədbir və layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra yeni sahə olan data analitikasının mahiyyəti, rolu, aparılma metodologiyası, eləcə də müxtəlif sahələrdə data analitikanın tətbiqindən bəhs edən mentor Şaiq Kazımov bu sahənin sosial sferaya da əhəmiyyətli dərəcədə təsir etdiyini bildirib. O, tələbələrin bu istiqamətdə inkişafının vacibliyini də xüsusilə qeyd edib. Təlimin yekununda Ş.Kazımov mövzu ilə bağlı tələbələri maraqlandıran sualları cavablandırıb.