Bakı Biznes Universitetində keçirilən Elmi Şura iclasında Universitetin 2019-2023-cü illəri əhatə edən Strateji inkişaf planının və ona uyğun Universitetin 2019-2023-cü illərdə elmi fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən Elmi-tədqiqat strategiyasının qəbul edilməsi həyata keçirilmişdir. İlk öncə Bakı Biznes Universitetin rektoru i.e.d., prof. İbad Abbasov Elmi Şura üzvlərinə və iclasda iştirak edən professor-müəllim heyəti və doktorantlara Universitetin 2019-2023-cü illəri əhatə edən Strateji inkişaf planının qəbul edilməsinin məqsədlərindən, həmçinin Strategiyanın missiyası və gələcəyə baxış konsepsiyaları haqqında məlumat verdi. Rektor vurğuladı ki, Strategiyanın əsas hədəfləri və istiqamətləri müasir dövrün tələblərini və çağırışlarını, həmçinin ölkənin qüvvədə olan qanunvericiliyinin və dövlət proqramlarının müddəalarını nəzərə alaraq müəyyən edilmişdir. Həmçinin, rektor Strategiyanın əsas hədəfləri, ümumi məzmunu və qarşıda qoyulan məqsədləri ilə iclasın iştirakçılarını tanış etdi.
Daha sonra, rektor çıxış üçün sözü Universitetin Elmi işlər üzrə prorektoru, h.ü.f.d. Məleykə Abbasovaya təqdim etdi. Prorektor iclas iştirakçılarına Universitetin 2019-2023-cü illər üzrə ümumi Strategiyasına uyğun qeyd edilən illər üzrə elmi-tədqiqat fəaliyyətinin səmərəlliliyinin yüksəldilməsi məqsədilə 2019-2023-cü illəri əhatə edən Elmi-tədqiqat Strategiyasının qəbul edilməsinin vacibliyindən söz açdı və Strategiyanın əsas istiqamətləri ilə iclas iştirakçılarını tanış etdi. Prorektor, bildirdi ki, 2019-2023-cü illər üzrə Elmi-tədqiqat Strategiyasının əsas hədəfləri cəmiyyətin və iqtisadiyyatının tələblərinə uyğun hazırlanmışdır. Həmçinin, M.Abbasova çıxışında vurğuladı ki, Elmi-tədqiqat Strategiyasının qəbul edilməsinin əsas məqsədi Universitetdə həyata keçirilən elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi, tərəfdaş yerli və xarici müəssisələrlə elmi sahədə əməkdaşlığın və akademik heyətin tədqiqat bacarıqlarının inkişafıdır.
İclas gündəlikdə olan digər məsələlərin müzakirəsi ilə işinə davam etdi.