Universitetdə yeni 5 illik Strateji İnkişaf Planının müzakirəsinə dair iclas keçirilib. İclasda rektor, prorektorlar, dekanlar, keyfiyyət təminatı mərkəzi, kafedra müdirləri və digər aparıcı struktur vahidlərin rəhbərləri, o cümlədən tələbə, məzun və əmək bazarı nümayəndələri iştirak ediblər. Universitetin rektoru İ.M.Abbasov hər kəsi salamlayıb və iclasın işinə uğurlar arzu edib. Rektor qeyd edib ki, strateji planlaşdırma prosesi maraqlı tərəfləri-inzibati və akademik heyəti, tələbələri, məzunları və əmək bazarı nümayəndələrini də cəlb etməklə onların dəyərli fikir və tövsiyələrini almaqda mühüm əhəmiyyət kəsb edir. Rektor iclasın müxtəlif aspektləri əhatə edəcəyini vurğulayaraq müzakirələrin müasir çağırışlara və tələblərə cavab vermək üçün universitetin missiyası və gələcəyi baxışının, strateji prioritetlərin və fəaliyyət planlarının müəyyən edilməsinə həsr edildiyini söyləyib. O, Strateji İnkişaf Planının hazırlanması məqsədilə xüsusi komissiyanın yaradıldığını elan edib və komissiyanın fəaliyyətlərini iclas iştirakçılarının diqqətinə çatdırıb. İclasda ötən 5 illik dövrü əhatə edən Strateji İnkişaf Planının icrası barəsində də qısa hesabat təqdim edilib. Daha sonra yeni planın hazırlanması üçün aparılan təhlillər, araşdırmalar, müşahidələr, istinad edilən direktiv sənədlər barəsində də məlumat verilib.