13 sentyabr 2023-cü il tarixində Bakı Biznes Universitetinin Elmi Şurasının iclasında 5 illik Strateji İnkişaf Planının müzakirəsi keçirilib. İclasda rektor, prorektorlar, dekanlar, keyfiyyət təminatı mərkəzi, kafedra müdirləri və digər aparıcı struktur vahidlərin rəhbərləri, o cümlədən tələbə, məzun və əmək bazarı nümayəndələri iştirak ediblər. Universitetin rektoru İ.M.Abbasov çıxış edərək qeyd edib ki, strateji planlaşdırma prosesi maraqlı tərəfləri-inzibati və akademik heyəti, tələbələri, məzunları və əmək bazarı nümayəndələrini də cəlb etməklə onların dəyərli fikir və tövsiyələrini almaqda mühüm əhəmiyyət kəsb edir. Rektor Strateji İnkişaf Planının hazırlanması məqsədilə xüsusi komissiyanın yaradıldığını elan edib və komissiyanın fəaliyyətlərini iclas iştirakçılarının diqqətinə çatdırıb. İclasda ötən 5 illik dövrü əhatə edən Strateji İnkişaf Planının icrası barəsində də qısa hesabat təqdim edilib. Daha sonra yeni planın hazırlanması üçün aparılan təhlillər, araşdırmalar, müşahidələr, istinad edilən direktiv sənədlər barəsində də məlumat verilib.