YAP Veteranlar Şurasının və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə tədbir keçirilib
Mayın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ideyaları Azərbaycanın mənəvi-siyasi sərvətidir” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Bakı Biznes Universitetində Ümummilli Lider Heydər Əliyevin büstü və Vətən müharibəsi iştirakçılarının xatirəsinə həsr edilmiş guşənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru, iqtisadi elmləri doktoru İbad Abbasov Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan tarixində müstəsna yeri və rolundan bəhs edib. O bildirib ki, Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə - həm sovetlər dönəmində, həm də müstəqillik illərində milli inkişaf istiqamətində mühüm tədbirlər həyata keçirilib.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxışında qeyd edib ki, Heydər Əliyev ideyaları əbədiyaşardır. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi tariximizə qızıl hərflərlə yazılıb. Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanış dövrü oldu: “Ulu Öndər uzaqgörən insan idi. O, sovetlər dönəmində Azərbaycanı müstəqilliyə hazırlayırdı. C.Naxçıvanski adına Hərbi Məktəbin yaradılması nəticəsində milli hərbçi kadrlarımız yetişdirildi. O dövrdə minlərlə gəncimiz keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi və onlar peşəkar mütəxəssislər kimi respublikamızın inkişafına öz töhfələrini verdilər”.
Arif Rəhimzadə qeyd edib ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaradan Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtararaq inkişaf yoluna çıxardı: “Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Prezidentimizin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad edilib. Biz xalq olaraq dövlətimizlə qürur duyuruq”.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlər göstərdiyini bildirib: “Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi Lideri olub. Biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı həm yaradan, həm möhkəmləndirən, dünyada tanıdan, həm də gələcəyə doğru uğurla aparan şəxsiyyət idi. O, özündə bütün keyfiyyətləri birləşdirmişdi. Heydər Əliyevin hələ sovet Azərbaycanında gördüyü işlər respublikamızın gələcək müstəqilliyinə hesablanmışdı".
1994-cü ildən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında çalışdığını deyən Dilarə Seyidzadə bu dahi insan haqqında xatirələrini bölüşüb. O qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev çətin anlarda xalqına dayaq oldu. O, bütün ömrünü Azərbaycana, Azərbaycan xalqına həsr edib. Ulu Öndərin torpaq, Vətən sevgisi çox böyük idi. “Heydər Əliyevin gücü onun biliyində idi”,-deyən YAP Veteranlar Şurasının üzvünün fikrincə, bütün bunlar gənc nəsil üçün həm dövlətçilik ənənələrini dərk etmək, həm də üzərlərinə düşən məsuliyyəti anlamaq baxımından bir nümunədir. “Heydər Əliyev xalqını, dövlətini elə böyük məhəbbətlə sevirdi ki, Azərbaycana İlham Əliyev kimi güclü, xalqını sevən Lider bəxş etdi. Heydər Əliyev ona özü qədər inanırdı. Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad edən güclü Liderdir. Cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə hansı töhfəni verə bilərik, bu barədə hər kəs düşünməlidir”,- deyə Dilarə Seyidzadə vurğulayıb. Gənclərə Azərbaycan tarixini, Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyi tövsiyə edən Dilarə Seyidzadə bildirib ki, hər kəs öz fəaliyyəti ilə müstəqil ölkəmizin inkişafına töhfələrini verməlidir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs edib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib.
Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.