Bakı Biznes Universitetində 07 iyun 2024-cü il tarixində Universitetin “Humanitar elmlər” kafedrası tərəfindən yaradılmış Sosial İnkişaf Mərkəzinin tanıtım tədbiri keçirildi. Tədbirdə ölkəmizin 25-dən artıq bir sıra ali təhsil müəssisələrinin, sosial iş istiqamətli dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə Bakı Biznes Universitetinin rektoru i.e.d.,prof. İ.M.Abbasov açaraq tədbir iştirakçılarını salamladı və Universitetin son illərdə tədrisdə, elmi-tədqiqatda və beynəlxalq layihələrin həyata keçirilməsində əldə etdiyi uğurlarından bəhs etdi. O, həmçinin universitetin perspektivdə həyata keçirəcəyi məsələlərə də qısa aydınlıq gətirdi. Daha sonra rektor i.e.d., prof. İ.M.Abbasov Humanitar elmlər kafedrası tərəfindən yaradılmış Sosial İnkişaf Mərkəzinin fəaliyyətə başlamasının mövcud sosial inkişaf üçün zəruriliyini vurğuladı və Mərkəzin fəaliyyətinə uğurlar arzuladı.
Sonra Sosial İnkişaf Mərkəzinin direktoru f.ü.f.d. Məhsəti Cəfərova qonaqları salamladı və Mərkəzin məqsədi, vəzifələri, inkişaf istiqamətləri və fəaliyyət prinsipləri haqqında məlumat verdi.
Tədbirin davamında Sosial İnkişaf Mərkəzinin təlimçiləri p.ü.f.d. İlhamə Sultanova, t.ü.f.d. Aygün Kamandari Məmmədova və s.ü.f.d. Tutu Eyvazova “Sosial xidmətin təşkilində(vətəndaşlarla, benefisiarlarla və ya həssas əhali qrupundan olan şəxslərlə iş prosesində)sosial-psixoloji-pedaqoji istiqamətlər və yumşaq bacarıqlar” mövzusunda təqdimat etdilər.
Sonra Mərkəzin fəaliyyəti ilə bağlı Mərkəz əməkdaşları və qonaqlarla işgüzar müzakirə keçirildi. Sonda Mərkəzin direktoru Məhsəti Cəfərova tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.