KOBİA-nın biznes təlimlərindən yararlanmış 90 tələbəyə sertifikatlar təqdim edilib.
“Bakı KOB evi”ndə Bakı Biznes Universitetinin tələbələri ilə görüş keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və universitetin birgə təşkilatçılığı ilə keçirilmiş görüşdə 50-yə yaxın tələbə və müəllim iştirak edib.
Görüş zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov gənclərin sahibkarlığa təşviqi, uğurlu sahibkar olmaq üçün biznesyönümlü təhsilin önəmi, Agentliyin biznesin qurulması və inkişafına göstərdiyi dəstək və xidmətlər, “KOB könüllüləri” proqramı barədə məlumat verib. Qeyd olunub ki, Bakı Biznes Universiteti və KOBİA arasında 2023-cü ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində universitetdə marketinq və biznesin idarə edilməsi üzrə təhsil alan 90 tələbə 15 istiqamət üzrə KOBİA tərəfindən keçirilən biznes təlimlərdə iştirak edib.
Bakı Biznes Universitetinin rektoru İbad Abbasov tələbələrin biznes savadlığının artırılmasında, gələcəkdə peşəkar kadr kimi fəaliyyət göstərməsində təlimlərin əhəmiyyətini qeyd edib, bu cür təlimlərin tələbələrin gələcək iş həyatında önəmini vurğulayıb.
Görüş çərçivəsində KOBİA-nın biznes təlimlərindən yararlanmış bir qrup tələbəyə sertifikatlar təqdim edilib, Agentlikdə işlə təmin edilmiş universitetin məzunu təcrübəsini bölüşüb.
Tələbələr həmçinin “Bakı KOB evi”ndə biznes subyektlərinə göstərilən “G2B” və “B2B” xidmətlərlə tanış olublar.