Martın 14-də Bakı Biznes Universitetinin yaranmasının 20 illiyi çərçivəsində "Tədrisin keyfiyyətində yeni nəşrlərin rolu" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə Azərbaycan ilə yanaşı, ABŞ, Rusiya, Polşa, Litva, Gürcüstan və digər ölkələrin nüfuzlu universitetlərinin nümayəndələri iştirak etmişlər.
Konfransda BBU-nun rektoru, professor İbad Abbasov bildirmişdir ki, bu ali təhsil müəssisəsinin 20 illik yubileyinin qeyd olunması onun fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. BBU tam formalaşmış, cəmiyyətdə yüksək mövqeyi olan ali təhsil müəssisəsidir. Bu gün tam inamla deyə bilərik ki, universitetdə yüksəkixtisaslı kadrların hazırlanması işində ilk illərdə qarşıya çıxan bütün problemlər həllini tapmışdır.
Rektor konfransın məqsədlərinə çatacağına, onun nəticələrinin ali təhsil sistemi üçün faydalı və əhəmiyyətli olacağına inamını ifadə etmiş, konfransın işinə uğurlar arzulamışdır. Sonra konfrans işini iki bölmədə keçirilən iclaslarda davam etdirmişdir.