İyunun 28-də Bakı Biznes Universitetində karyera sərgisi keçirilib. “Məzun–2024” buraxılış günü çərçivəsində universitetdə iş axtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə karyera sərgisi təşkil olunub. Sərgidə 40-a yaxın aparıcı dövlət və özəl müəssisələr universitetin ixtisaslarına uyğun 400-ə yaxın vakansiya və təcrübə proqramları ilə iştirak ediblər.
BBU-nun rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov tələbə-məzunları, şirkət nümayəndələrini və qonaqları salamlayıb, bu möhtəşəm bayram münasibətilə öz təbriklərini çatdırıb, məzunlara gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb. İ.Abbasov universitetdə təhsil alan hər bir məzunun xalqımızın rifahı yolunda uğurlara imza atacağına əmin olduğunu dilə gətirib. Rektor bu il BBU-dan məzun olan gənclərin universitetdə aldıqları bilik və bacarıqlar sayəsində peşəkar karyera yolunda uğur qazanacaqlarına, ölkəmizin inkişafına töhfələr verəcəklərinə əminliyini bildirib. Rektor xüsusilə qeyd edib ki, məzunlarımızın 45%-i öz peşə bacarıqlarını təsdiq edən sertifikatlar əldə edərək əmək bazarına birbaşa daxil olmağa hazırdırlar.
Çıxış edən Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının direktoru Müseyib Əliyev çıxış edərək Bakı Biznes Universiteti ilə əməkdaşlığın uğurla davam etdiyini və bu gün keçirilən karyera sərgisinin məzun və işaxtaranlar üçün faydalı olacağını qeyd edib. M.Əliyev sərgidə təmsil olunan bütün şirkətlərə təşəkkür edib və məzunlara uğurlar arzulayıb.
Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının sədri Nigar Ələsgərova isə karyera sərgisinə dəvət üçün öz təşəkkürünü bildirib. N. Ələsgərova məzunlara bilik və bacarıqlarına güvənərək əmin addımlarla irəliləməyi və bu yolda daim çalışaraq inkişaf etməyi tövsiyə edib.
Daha sonra məzun gününə həsr olunmuş tədbir Univeristetin konfrans zalında davam etdirilib. Rektor İ.M.Abbasov və UNİBANK-ın İnsan Kapitalının İdarə edilməsi üzrə direktoru Natalya Sandler məzunları təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzu ediblər. Tədbirdə Universiteti fərqlənmə diplomu ilə bitirən və peşə bacarıqları üzrə sertifikatlaşmada yüksək nəticələr əldə tələbələr fəxri fərmanlarla təltif olunublar. Həmçinin istehsalat təcrübəsi nəticəsində Rabitəbank və Azərpambıq MMC-də işlə təmin olunan məzunlarımızdan Türkanə İmanzadə və Zeynəb Vəzirova çıxışı edərək uğurlarını bölüşərək onlar üçün yaradılmış keyfiyyətli təhsil və karyera imkanlarına görə Universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər. Tədbir Universitetin Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən hazırlanan bədii hissə ilə davam edib.