Bakı Biznes Universitetində 27 sentyabr 2024-cü il tarixində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Anım Günü tədbiri keçirilib. Tədbirdən öncə Universitet rəhbərliyi Vətən müharibəsi iştirakçılarının şərəfinə yaradılmış guşəni ziyarət edərək gül dəstələri qoyublar. Tədbir Universitetin xor kollektivinin ifasında Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən universitetin rektoru i.e.d., prof. İbad Abbasov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunduğunu qeyd edib. Rektor Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimizdən, arxa cəbhədə çalışan mülki insanlarımızın vətənpərvərliyindən, bütövlükdə xalqımızın əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsindən geniş bəhs edib. İ.Abbasov xüsusilə vurğulayıb ki, Bakı Biznes Universitetinin 4 məzunu Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş, 40-dan çox tələbə və məzun isə qazi və müharibə iştirakçısı olmuşdur.
Daha sonra Universitetin tələbələri tərəfindən vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim edilib və şeir parçaları səsləndirilib. Tədbirin sonundan 27 sentyabr Anım Gününə həsr olunan videoçarx nümayiş etirilib.