Bakı Biznes Universitetində 8 Noyabr – Zəfər Bayramı münasibətilə tədbir təşkil edilmişdir. Tədbirdən öncə Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov, şəhid ailələri və professor-müəllim heyəti ilə birgə universitetdə yerləşən şəhid abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoydular. Bu anma mərasimi, şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq, tədbir iştirakçılarına dərin təsir bağışladı və Azərbaycan xalqının qəhrəman övladlarının heç vaxt unudulmayacağını bir daha xatırlatdı.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlamış, Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla davam etmişdir. Tədbirdə şəhid ailələri, universitetin professor-müəllim və tələbə heyəti, eləcə də digər dəvət olunmuş qonaqlar iştirak etmişdir.
Tədbirdə universitetin rektoru, professor İbad Abbasov açılış nitqi ilə çıxış edərək, Zəfər Bayramının Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyətini vurğulamışdır. İbad müəllim öz çıxışında müstəqillik və suverenlik uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın misilsiz şücaətlərindən söz açmış, onların cəsarət və fədakarlıqlarının gələcək nəsillərə örnək olduğunu qeyd etmişdir. Rektor Azərbaycan dövlətinin və xalqının hər zaman şəhid ailələrini və qaziləri hörmət, ehtiramla yad etdiyini vurğulamışdır.
Tədbir proqramında müxtəlif incəsənət nömrələri də yer almışdır. Universitetin tələbələrinin hazırladığı rəqs kompozisiyaları, tamaşaçılara milli vətənpərvərlik ruhunu yaşatmış və böyük maraqla qarşılanmışdır. Səhnəcikdə düşmənlə olan tarixi qarşıdurmanın təsvirləri yer almaqla yanaşı Azərbaycan xalqının vətəninə, millətinə sadiqliyi və milli dəyərlərə sədaqəti əks olunurdu. Səhnəcikdə düşmənə inamın olmadığını vurğulayan obrazlar vasitəsilə, tarixi təcrübənin və vətənpərvərlik şüurunun gənclər arasında aşılanmasının önəmi çatdırılırdı. Bu səhnəciyin nümayişi, tələbələrdə həm milli özünüdərk, həm də tarixi dərslərdən çıxarılmalı olan ibrətləri mənimsəmə hissini gücləndirdi.
Tədbirin sonunda Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov tədbiri rəsmi olaraq bağlayaraq, iştirakçılara və şəhid ailələrinə təşəkkürlərini bildirdi. O, bu cür tədbirlərin milli ruhun, vətənpərvərlik hissinin möhkəmləndirilməsi üçün əhəmiyyətli olduğunu vurğuladı və universitetin hər zaman Azərbaycan dəyərlərinə sadiq qalacağını qeyd etdi.