İqtisadiyyat İnstitutunda elmi-tədqiqat təcrübəsi

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Bakı Biznes Universitetinin (BBU) magistrantlarına elmi-tədqiqat təcrübəsi keçirilir. Noyabrın 15-dən dekabrın 13-nə kimi İqtisadiyyat İnstitutunun alimləri tərəfindən təşkil edilən təlimlərdə BBU-nun II kursda təhsil alan 10 magistrantı iştirak edir. COP29 tədbirləri ilə əlaqədar təlimlər noyabrın 15-dən 25-nə kimi distant, sonra isə əyani olacaq.

Təcrübə-təlim kursunun yüksək səviyyədə təşkil edilməsi üçün i.f.d, dosent Tariyel Qurbanov magistrantlara elmi tədqiqat təcrübəsinin rəhbəri təyin edilib. Noyabrın 15-də İqtisadiyyat İnstitutunda BBU-nun təlimlərdə iştirak edən magistrləri ilə görüş keçirilib. Tədbirdə BBU-nun Magistratura və Doktorantura Mərkəzinin rəhbəri İsmayıl Şərifli, Karyera və məzunlarla iş şöbəsinin müdiri Qafar Bağırov iştirak ediblər.

Kursların keçirilməsi üçün İqtisadiyyat İnstitutu ilə Bakı Biznes Universiteti (BBU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən ödənişli olan təlim kursları üçün BBU İqtisadiyyat İnstitutuna vəsait ödəyir. Bu, özəl universitetlə elmi İnstitut arasında haqqı ödənilmək şərti ilə tələbə və magistrantlara ixtisas üzrə təşkil olunan təlim olaraq Azərbaycanda maraqlı və diqqət çəkən təcrübədir. Onlar üçün elmi tədqiqat xarakterli təlimlər, praktiki məşğələlər təşkil olunacaq. Təlimləri İqtisadiyyat İnstitutunun aparıcı alimləri keçəcəklər.

Magistrantlar İqtisadiyyat İnstitutunda aparılan fundamental elmi-tədqiqat işləri ilə də yaxından tanış olmaq imkanı qazanırlar. Elmi tədqiqat təcrübəsinin sonunda magistrantlara İqtisadiyyat İnstitutunun sertifikatlarının təqdim olunması nəzərdə tutulur.