Sosial Xidmətlər Agentliyi ilə Bakı Biznes Universiteti arasında əməkdaşlıq memorandumu

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Bakı Biznes Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Tədbirdə Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov qonaqlara universitetdə tədris edilən ixtisaslar, həyata keçirilən yeniliklər və beynəlxalq layihələr barədə məlumat verib. Rektor təhsil ocağının ixtisaslı kadrların yetişdirilməsi istiqamətində fəaliyyəti, “Sosial iş” ixtisası üzrə mütəxəssislərin hazırlanması üçün bu sahədə fəaliyyət göstərən qurumlarla birgə əməkdaşlığın əhəmiyyətindən danışıb. 

Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov həssas əhali qruplarına göstərilən səyyar, stasionar və yarımstasionar sosial xidmətlərə diqqət çəkib. Qeyd edib ki, Agentlik bu xidmətlərin operativ və səmərəli təşkili, sosial xidmətlərə əlçatanlığın artırılmasına xüsusi əhəmiyyət verir. Bu məqsədlə sosial xidmətlər üzrə mütəxəssis hazırlığı həyata keçirən ali təhsil müəssisələri ilə əməkdaşlıq edilir, ixtisaslaşmış gənc kadrların işə cəlbinə xüsusi önəm verilir. 

Memoranduma əsasən tərəflər növbəti 5 il ərzində Universitetin “Sosial iş” ixtisasının bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri üçün müvafiq təlimlərin, istehsalat və elmi-tədqiqat təcrübəsinin təşkili, birgə sosial layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, həmçinin digər mühüm sahələrdə əməkdaşlıq edəcəklər