Dekabrın 18-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda elmi-tədqiqat təcrübəsi keçən magistrantlarımızın təcrübəsi yekunlaşıb və sertifikatlr təqdim olunub.
Baş direktor Prof. N.Müzəffərli İqtisadiyyat İnstitutunda Bakı Biznes Universitetinin (BBU) magistrantları üçün təşkil olunmuş elmi-tədqiqat təcrübəsi barədə məlumat verib, elmi müəssisələrlə universitetlər arasında əməkdaşlığın əhəmiyyəti, elm və təhsilin inteqrasiyası, birgə layihələrin həyata keçirilməsinin faydaları barədə danışıb.
Elmi tədqiqat təcrübəsinin rəhbəri, i.f.d, dosent Tariyel Qurbanov hesabat məruzəsi ilə çıxış edib, kursunun yüksək səviyyədə təşkili, İqtisadiyyat İnstitutunun aparıcı alimlərinin bu prosesə cəlb olunması barədə məlumat verib. Bildirib ki, noyabrın 15-dən dekabrın 13-nə kimi İqtisadiyyat İnstitutunun alimləri tərəfindən təşkil edilən təlimlərdə BBU-nun II kursda təhsil alan 10 magistrantı iştirak edib. COP29 tədbirləri ilə əlaqədar təlimlər noyabrın 15-dən 25-nə kimi distant, sonra isə əyani olub.
Kursların keçirilməsi üçün İqtisadiyyat İnstitutu ilə Bakı Biznes Universiteti (BBU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən ödənişli olan təlim kursları üçün BBU İqtisadiyyat İnstitutuna vəsait ödəyir. Magistrantlar üçün elmi tədqiqat xarakterli təlimlər, praktiki məşğələlər təşkil olunub. Onlar İqtisadiyyat İnstitutunda aparılan funtamental elmi-tədqiqat işləri ilə də yaxından tanış olmaq imkanı qazanıblar, hətta elmi məqalələr yazıblar. Sonra təlimlərdə iştirak etmiş və yüksək nəticələr göstərmiş BBU-nun magistrantlarına İqtisadiyyat İnstitutunun sertifikatları təqdim edilib.