2025-ci il yanvarın 17-də Bakı Biznes Universitetində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) rəhbərliyinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, Akkreditasiya və Lisenziya Şöbəsinin müdiri Samir Quliyev, şöbənin böyük məsləhətçisi Nigar Əsgərova və Universitetin rəhbər heyəti iştirak ediblər.
Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov qonaqları səmimi qəlbdən salamlayaraq universitetin nailiyyətləri, xüsusilə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində əldə edilən uğurlar və yeni təcrübələrdən danışıb. Rektor, həmçinin universitetin növbəti beş il üçün müəyyən edilmiş strateji inkişaf istiqamətləri və qarşıya qoyulmuş yeni hədəflərdən bəhs edib.
TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov tədbir iştirakçılarını salamlayıb və Bakı Biznes Universitetində olmaqdan məmnunluğunu ifadə edib. Daha sonra T.Əhmədov akkreditasiyadan uğurla keçməsi münasibətilə Universitetin bütün kollektivini səmimi qəlbdən təbrik edib. O, Agentlik tərəfindən Bakı Biznes Universitetində müvafiq təlimlərin və görüşlərin keçirildiyini və gələcəkdə də sıx əlaqələrin davam etdiriləcəyini vurğulayıb. Tədbirin sonunda isə Bakı Biznes Universitetinə TKTA tərəfindən “İnstitusional Akkreditasiya Şəhadətnaməsi” təqdim edilib.