20.02.2025-ci il tarixində Bakı Biznes Universitetində “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş kitab sərgisinin açılış mərasimi olub. Açılış mərasimində Bakı Biznes Universitetinin rektoru, rəsmi şəxslər, naşirlər, ictimaiyyət nümayəndələri və oxucular iştirak ediblər. Sərgi XAN nəşriyyatı, MİMTA Yayımları, “Füyuzat” və “Çapar” jurnallarının birgə təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində çıxış edən Bakı Biznes Universitetinin (BBU) rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov sərgidə iştirak edən qonaqları salamlayaraq tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib. O, öz çıxışına Ümummilli lider Heydər Əliyevin “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” kəlamı ilə başlayıb. Rektor Azərbaycan dilinin inkişafından, həmçinin bir dil üçün ən yüksək dəyər hesab olunan onun dövlət dili statusu qazanmasının önəmindən danışaraq kitabların dilimizin inkişafındakı roluna toxunmuşdur.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin eksperti, yazıçı-publisist Əkbər Qoşalı ana dilinin qorunmasının vacibliyindən, bu dildə yazıb yaratmaq vərdişlərinin artmasında kitabların rolundan bəhs edərək, belə tədbirlərin əhəmiyyətini vurğulamışdır.
Daha sonra çıxış edən filologiya üzrə fəlsəfə doktoru, BBU-nun müəllimi Reyhan Dadaşova sərginin ərsəyə gəlmə prosesindən, həmçinin Azərbaycan dilinin əhəmiyyətindən və kitabların insanın özünü inkişafında, dünyagörüşünün artmasındakı rolundan danışaraq gələn qonaqları salamlayıb və sərgini açıq elan edib.
Sərgidə iştirak edən tələbələr yazar və naşirlərlə görüşmüş, sərgilənən kitablarla tanış olmuş və onları əldə etmişlər.
Qeyd edək ki, sərgi 20-21 fevral tarixlərində davam edəcək.