Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində növbəti maarifləndirmə görüşü

28 fevral 2025-ci il tarixində Bakı Biznes Universiteti və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi arasındakı səmərəli əməkdaşlıq çərçivəsində maarifləndirmə görüşü təşkil olunub. Tədbir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və UNİCEF-in tərəfdaşlığı ilə həyata keçirilən "Uşaqlara qarşı zorakılığın qarşısının effektiv şəkildə alınması və cavab tədbirlərinin görülməsi üçün milli sistemlərin gücləndirilməsi" layihəsi çərçivəsində Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sosial xidmət mərkəzi olan Yuvenal Ədliyyə Mərkəzi tərəfindən təşkil edilib.

Maarifləndirmə sessiyası Mərkəzin peşəkar psixoloqu, sosial işçisi tərəfindən aparılmış və əsas məqsədi tələbələrə yuvenal ədliyyə sisteminin mahiyyəti, yetkinlik yaşına çatmayanların hüquqları, onların ədliyyə sistemi ilə təması zamanı tətbiq olunan beynəlxalq və milli hüquqi yanaşmalar barədə məlumatlandırmaq olmuşdur.

Təlim zamanı iştirakçılar yuvenal ədliyyə sisteminin əsas prinsipləri, alternativ tədbirlərin tətbiqi, reabilitasiya proqramlarının mahiyyəti və azyaşlıların cəzadan kənar reabilitasiyası haqqında geniş məlumat əldə ediblər. Həmçinin, uşaqların hüquqlarının qorunması, onların cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, risk qrupunda olan azyaşlıların cinayət törətmə ehtimalının azaldılması istiqamətində görülən tədbirlər və müasir metodologiyalar ətrafında geniş müzakirələr aparılıb.

Tədbirin sonunda iştirakçılar onları maraqlandıran mövzular üzrə suallar ünvanlamış və interaktiv müzakirə formatında cavablar əldə etmişlər. Yuvenal Ədliyyə Mərkəzi, uşaqların və yeniyetmələrin hüquqlarının müdafiəsinə və onların sağlam inkişafına töhfə vermək məqsədilə gələcəkdə də maarifləndirmə və təlim fəaliyyətlərini davam etdirəcəyini vurğulamışdır.

Bu təşəbbüs, cəmiyyətin həssas qruplarına yönəlik hüquqi, psixoloji və sosial dəstəyin gücləndirilməsi, yeniyetmələrin və gələcək sosial işçilərin fəaliyyətlərinə dair hüquqi və psixoloji  maarifləndirilməsi, cəmiyyətin həssas təbəqəsi olanların hüquqlarının düzgün müdafiəsinə, sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş bilik və təcrübənin bölüşdürülməsi universitet və vətəndaş cəmiyyəti sektorları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.