Bakı Biznes Universitetində Azərbaycanın şanlı Qələbəsinin 5-ci ildönümü və Dövlət Bayrağı Gününə həsr olunmuş açıq turnir keçirilib

Azərbaycanın şanlı Qələbəsinin 5-ci ildönümü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası tərəfindən Vinq Çun–Kontakt–Taolu üzrə açıq turnir təşkil olunub. Yarış Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Turnirdə ölkənin müxtəlif bölgələrindən olan 8 klubdan 150-yə yaxın idmançı iştirak edib. İdmançılar 21 çəki dərəcəsi üzrə qalibiyyət uğrunda mübarizə aparıblar.

Açılış mərasimində Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidenti Asif Sayadov, Vinq-Çun Federasiyasının vitse-prezidenti Mahmud Mehdioğlu, Federasiyanın şöbə müdiri Azər Mahalov, Bakı Biznes Universitetinin prorektoru Cavidan Heydərov, Biznes və menecment fakültəsinin dekanı Şahin Musayev və digər qonaqlar iştirak ediblər.

44 günlük Vətən müharibəsində qəhrəmancasına vuruşan və snayper gülləsi ilə başından yaralanan qazi Pərviz Əli yarışın fəxri qonağı olub. O, turnirdə fərqlənən ən texnikalı üç idmançını xüsusi kubokla təltif edib.

Yarışa baş hakim Hakim Tağıyev və baş katib Arzuman Rəsulzadə rəhbərlik ediblər. Sonda qalib gələn idmançılar Federasiyanın diplom və medalları ilə mükafatlandırılıblar.