Bakı Biznes Universitetinin tələbə və müəllim heyəti Konstitusiyanın 30 illiyinin qeyd edilməsi münasibətilə Yasamal rayon tədbirində iştirak ediblər

12 noyabr tarixində Yasamal Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30 illiyi münasibətilə təntənəli tədbir təşkil olunub. Tədbirdə Bakı Biznes Universitetinin 30 nəfər tələbəsi və universitetin tarix müəllimi Qənirə Mirzəxanlı da iştirak ediblər.  

Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova iştirakçıları bayram münasibətilə təbrik edərək ölkəmizdə hüquqi dövlət quruculuğunun əsas mərhələləri barədə məlumat verib. Daha sonra Azərbaycan Konstitusiyasının qəbul edilməsinə və bu tarixi prosesdə Ulu Öndər Heydər Əliyevin roluna həsr olunmuş film nümayiş olunub. “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışlarında Konstitusiyanın hüquqi və tarixi əhəmiyyətini vurğulayıblar, son illərdə həyata keçirilən hüquqi islahatların mahiyyəti barədə geniş məlumat veriblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun yekun nitqində qeyd olunub ki, Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi bu əlamətdar hadisənin tarixi-siyasi əhəmiyyətini daha da artırır. O, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasının dövlətimizin hüquqi bünövrəsini təşkil edən və insan hüquq və azadlıqlarının təminatını özündə ehtiva edən fundamental sənəd olduğunu vurğulayıb.

Tədbirdə tələbələrimiz konstitusiya quruculuğunun əhəmiyyəti barədə edilən geniş məzmunlu çıxışları diqqətlə dinləyərək, ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində keçdiyi tarixi mərhələlər, eləcə də müasir dövrdə həyata keçirilən hüquqi islahatların mahiyyəti haqqında daha dolğun təsəvvür əldə ediblər.