Bakı Biznes Universitetində orqan donorluğunun əhəmiyyəti müzakirə olundu

Bakı Biznes Universitetində Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin nümayəndələrinin iştirakı ilə orqan donorluğunun əhəmiyyəti mövzusunda maarifləndirici görüş keçirilib. Tədbirdə donorluğun tibbi, hüquqi və mənəvi əsasları barədə məlumat verilib, cəmiyyətdə bu sahədə məlumatlılığın artırılmasının önəmi vurğulanıb.

Universitetin prorektoru Cavidan Heydərov çıxışında insan həyatının müqəddəsliyi, paylaşmağın dəyəri və mərhəmət kimi ali insani keyfiyyətlərdən söz açaraq qeyd edib ki, maarifləndirmə işlərinin davam etdirilməsi donorluq mədəniyyətinin formalaşmasında xüsusi rol oynayır.

Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Günay Abbasova isə orqan donorluğunun tibb elminin inkişafında və insanların həyatının xilas edilməsində əvəzsiz əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, bu sahədə məlumatlılığın artırılması gənclər arasında humanizm, məsuliyyət və həmrəylik duyğularını gücləndirir.

Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva çıxışında orqan donorluğunun tibbi tərəfləri, beynəlxalq təcrübə və beyin ölümü haqqında məlumat verərək gəncləri həm məlumatlı, həm də empatik olmağa səsləyib: “Hər bir donor – bir həyatın davamıdır”.

Tələbələr mövzuya böyük maraq göstərərək hüquqi proseslər, donorluğun təmannasızlığı və beyin ölümü zamanı ailələrə mənəvi dəstək kimi məsələlərlə bağlı çoxsaylı suallar ünvanlayıblar.

Görüşün sonunda orqan donorluğunun əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub. Tədbirin yekununda ölümdən sonra donor olmaq istəyən universitetin prorektoru və bir qrup tələbə Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənmiş razılıq ərizəsini imzalayaraq bu nəcib missiyaya könüllü şəkildə qoşulublar.