Bakı Biznes Universitetində “Kodlaşdır” adlı veb-proqramlaşdırma təlimi keçirilib

17 noyabr 2025-ci il tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun təşəbbüsü və Bakı Biznes Universitetinin təşkilatçılığı ilə təlimçi Əkbər Dadaşovun təqdimatında rayon gənclərinin iştirakı ilə “Kodlaşdır” adlı veb-proqramlaşdırma üzrə təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin prorektoru Cavidan Heydarov müasir dövrdə gənclərin potensialının inkişaf etdirilməsi məqsədilə keçirilən bu kimi təlimlərin əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb. Daha sonra Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov iştirakçıları salamlayaraq gənclərin informasiya texnologiyaları sahəsinə marağının artırılmasının onların peşəkar inkişafında və gələcək karyera yüksəlişində mühüm rol oynadığını bildirib.

Təlim zamanı sahə üzrə peşəkar mütəxəssis Əkbər Dadaşov iştirakçılara proyektor vasitəsilə veb-proqramlaşdırmanın əsas anlayışları, kodlaşdırma məntiqi, müasir texnoloji yanaşmalar və real iş mühitində tətbiq olunan praktiki metodlar barədə sistemli və ətraflı məlumat təqdim edib.

Təlim diskussiya formatında təşkil olunaraq gənclərin fikir mübadiləsi aparmasına, onları maraqlandıran sualların cavablandırılmasına və mövzuya dair şəxsi yanaşmalarını bölüşmələrinə imkan yaradıb.