Bakı Biznes Universitetində “Qəhrəmanlıq salnaməsi: 44 gün” adlı tədbir keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində, 05 noyabr 2025-ci il tarixində Bakı Biznes Universitetində 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qəhrəmanlıq tarixini, vətənpərvərlik ruhunu və milli birliyi gənc nəslə aşılamaq məqsədilə “Qəhrəmanlıq salnaməsi: 44 gün” adlı tədbir təşkil olunub.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca universitetin təlim-tərbiyə işləri üzrə prorektoru Cavidan Heydarov və Humanitar elmlər kafedrasının müdiri Məshəti Cəfərova çıxış edərək tədbirin məqsədi və əhəmiyyəti haqqında danışıb, Vətən müharibəsinin gənclər üçün örnək olan qəhrəmanlıq səhifələrinə toxunublar.

Tədbirin təşkilatçısı, Humanitar elmlər kafedrasının tarix müəllimi Qənirə Mirzəxanlı isə çıxışında müharibənin tarixi aspektləri barədə tələbələrə geniş məlumat verib.

Tədbir çərçivəsində “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Sosial iş” ixtisası üzrə tələbələri müxtəlif mövzularda çıxışlar və səhnəciklər təqdim edərək, 44 günlük Vətən müharibəsi qəhrəmanlarının həyat yolu və Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdikləri fədakarlıqları haqqında məqamları canlandırıblar.