
“Konstitusiya və Suverenlik İli” çərçivəsində, 26 sentyabr tarixində Bakı Biznes Universitetində “27 Sentyabr – Anım Günü” münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən universitetin Təlim-tərbiyə işləri üzrə prorektoru Cavidan Heydarov Anım Gününün xalqımızın milli yaddaşında xüsusi yerə malik olduğunu vurğulayıb. O qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının dövlətinə, ordusuna və milli dəyərlərinə sarsılmaz inamını bir daha təsdiqləyərək tarixə qızıl hərflərlə yazılıb. Prorektor bildirib ki, bu mübarizə xalq, ordu və dövlət birliyinin təntənəsi, torpaqlarımızın azadlığı uğrunda göstərilən misilsiz qəhrəmanlığın rəmzidir.
O əlavə edib ki, Azərbaycan Ordusunun hər bir zəfəri və şəhidlərimizin göstərdiyi igidlik ölkəmizin müasir tarixində qürur və iftixar mənbəyi kimi daim xatırlanacaq.
Rəsmi çıxışlardan sonra Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin şücaətini, xalqımızın birliyini və Ordumuzun qəhrəmanlığını əks etdirən film nümayiş olunub. Tələbələr və müəllim heyəti filmi böyük qürur, minnətdarlıq və hörmət hissi ilə izləyiblər.