Bakı Biznes Universitetində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş Beynəlxalq elmi-praktiki konfrans keçirilib

19 noyabr 2025-ci il tarixində Bakı Biznes Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnnovativ idarəetmə strategiyası suveren ölkəmizin iqtisadi inkişafının əsasıdır” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Konfransı giriş sözü ilə universitetin rektoru, i.e.d., prof. İbad Abbasov açaraq iştirakçıları salamlayıb. Rektor çıxışında Azərbaycan dövlətçiliyinin memarı olan Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf yolunun bu gün ölkəmizin iqtisadi dinamikasının, rəqəmsal transformasiyasının və idarəetmədə innovasiya mədəniyyətinin əsasını təşkil etdiyini vurğulayıb.

Prof. İbad Abbasov əlavə edib ki, Bakı Biznes Universiteti bu inkişaf konsepsiyasına uyğun olaraq idarəetmə elminin yenilikçi istiqamətlərinin tədqiqinə xüsusi önəm verir. O, konfransın təşkilində fəal iştirakına görə “Menecment və Marketinq” kafedrasının kollektivinə və kafedranın müdiri, dosent Rahim Sadıqova təşəkkürünü bildirib.

Konfransda həm yerli, həm də xarici mütəxəssislər iştirak edərək elmi yanaşmalarını və praktiki təcrübələrini bölüşüblər. Tədbirdə Litvadan nümayəndələr ənənəvi qaydada, Türkiyə və Özbəkistandan iştirakçılar isə online şəkildə çıxış ediblər. Beynəlxalq iştirakçıların genişliyi konfransın regional və qlobal miqyasda aktuallığını, innovativ idarəetmə sahəsində elmi əməkdaşlıq imkanlarının genişlənməsini təsdiqləyib.

Eyni zamanda Azərbaycan Universiteti, Bakı Kooperasiya Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndələri də tədbirdə iştirak ediblər.

Konfransın nəticələri ölkəmizdə elmi fikrin inkişafına, innovativ idarəetmə strategiyalarının tətbiqinə və beynəlxalq akademik əlaqələrin daha da gücləndirilməsinə mühüm töhfə kimi dəyərləndirilir.