Bakı Biznes Universitetində “Gender və liderlik” mövzusunda təlim keçirilib

14 noyabr 2025-ci il tarixində Bakı Biznes Universitetində tələbələrin liderlik bacarıqlarını inkişaf etdirmək və gender bərabərliyi mövzusunda məlumatlılığı artırmaq məqsədilə “Gender və liderlik” mövzusunda təlim keçirilib. Tədbirdə müxtəlif ixtisaslardan olan tələbələr iştirak ediblər.

Təlimdə gender anlayışının mahiyyəti, gender stereotiplərinin rəhbərliyə təsiri və kişi–qadın liderlik üslublarının fərqləri izah olunub. Bildirilib ki, gender sosial rolları əks etdirir və rəhbərlikdə gender balansının qorunması qərarların keyfiyyətini, inklüzivliyi və ədaləti artırır.

Müzakirələr zamanı tələbələr qadın liderlərin daha çox kommunikasiya, əməkdaşlıq və empatiyaya, kişi liderlərin isə qətiyyət və sürətli qərarverməyə üstünlük verdiyini qeyd ediblər. Qadın liderlərin əsas çətinlikləri stereotiplərlə mübarizə, kişi liderlərin isə emosional ifadədə məhdudiyyətlərlə bağlı olduğu vurğulanıb.

Qrup təqdimatlarında rəhbərlikdə gender bərabərliyinin yaradıcılığı və innovasiyanı gücləndirdiyi, bunun üçün təşkilatlarda maarifləndirmə, ədalətli işə qəbul, bərabər karyera imkanları və iş–ailə balansını dəstəkləyən siyasətlərin vacibliyi qeyd edilib.

Təlim interaktiv müzakirələr və praktiki fəaliyyətlərlə yekunlaşıb.