Bakı Biznes Universitetində “Təhsil və sosial sahədə gender yanaşması” mövzusunda tədbir keçirilib

04 noyabr 2025-ci il tarixində Bakı Biznes Universitetinin Humanitar Elmlər kafedrasında “Təhsil və sosial sahədə gender yanaşması” mövzusunda elmi-praktik tədbir keçirilib. Tədbirdə universitetin psixoloqu, pedaqogika üzrə fəlsəfə doktoru İlhamə Sultanova təqdimatla çıxış edərək mövzu üzrə əsas məqamları iştirakçıların diqqətinə çatdırıb.

Təqdimatda təhsil sistemində gender bərabərliyinin təmin edilməsinin əhəmiyyəti, qadın və kişilərin sosial rollarının düzgün qiymətləndirilməsi və cəmiyyətdə gender yanaşmasının inkişafının vacibliyi vurğulanıb. İlhamə Sultanova qeyd edib ki, gender yanaşması yalnız bərabərlik ideyasını deyil, həm də sosial ədalət və qarşılıqlı hörmət prinsiplərini özündə birləşdirir.

Çıxışdan sonra tədbir interaktiv müzakirələrlə davam edib. Kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Məhsəti xanım və kafedranın müəllimləri müzakirələrdə fəal iştirak edərək mövzunun elmi aspektlərini və təkliflərini bölüşüblər.

Tədbir yüksək interaktivlik şəraitində keçib, iştirakçılar arasında məhsuldar fikir mübadiləsi aparılıb və gender yanaşmasının təhsil və sosial sahədə tətbiqi ilə bağlı aktual məsələlər müzakirə olunub.