
18 noyabr 2025-ci il tarixində Bakı Biznes Universitetində tələbələrin sosial məsuliyyətini artırmaq və sağlam həyat tərzini təşviq etmək məqsədilə “Narkomaniyaya yox” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarın əsas məqsədi gənclərə narkotik maddələrin fiziki və psixoloji təsirləri haqqında məlumat vermək, narkomaniya ilə mübarizədə ictimai məsuliyyətin rolunu gücləndirmək olub.
Seminarın əvvəlində psixoloq və tədbirin moderatoru qeyd edib ki, narkomaniya müasir dövrün ən təhlükəli sosial və tibbi problemlərindən biridir. “Ağ ölüm” adlandırılan bu bəla yalnız fərdlərin deyil, həm də ailələrin və bütövlükdə cəmiyyətin rifahına ciddi zərər vurur. Bildirilib ki, Azərbaycanda da bu problemə qarşı dövlət səviyyəsində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Narkomaniyanın qarşısının alınmasının ən effektiv yolu isə geniş ictimai maarifləndirmə və gənclərin sağlam fəaliyyətlərə yönləndirilməsidir.
Seminar zamanı psixoloq İ. Sultanova və həkim N. Yusubova narkotik maddələrin orqanizmə fizioloji və psixoloji təsirlərini elmi faktlar və real həyat nümunələri əsasında izah ediblər. Narkotik asılılığının insanın beyin fəaliyyətinə, emosional vəziyyətinə, davranışına və sosial münasibətlərinə göstərdiyi mənfi təsirlər geniş şəkildə açıqlanıb.
Tədbir çərçivəsində mövzuya dair videoçarx nümayiş etdirilib. Tələbələr interaktiv müzakirələrdə fəal iştirak edərək narkomaniyanın fəsadları, qarşısının alınması yolları və sağlam həyat tərzinin üstünlükləri barədə fikirlərini bölüşüblər.
