Bakı Biznes Universitetində Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş seminar keçirilib

10 oktyabr 2025-ci il tarixində Bakı Biznes Universitetində “10 oktyabr – Ümumdünya Psixi Sağlamlıq Günüdür” mövzusunda maarifləndirici seminar təşkil olunub. Tədbirdə universitetin müxtəlif fakültələrindən olan tələbələr iştirak ediblər. Seminarın əsas məqsədi psixi sağlamlıq anlayışı, onun qorunması və gücləndirilməsi yolları barədə məlumat vermək, stress, depressiya və emosional gərginliklə mübarizə bacarıqlarını inkişaf etdirmək, həmçinin psixi sağlamlığın cəmiyyətin ümumi rifahındakı rolunu vurğulamaq olub.

Universitetin Tibb məntəqəsinin həkimi Nigar Yusubova Ümumdünya Psixi Sağlamlıq Gününün tarixçəsi və məqsədi barədə iştirakçılara məlumat verib. Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə bu gün 1992-ci ildən etibarən hər il oktyabrın 10-da qeyd olunur və əsas məqsədi psixi sağlamlıq mövzusunda ictimai məlumatlılığı artırmaq, psixoloji xəstəliklərlə bağlı stiqmanın azaldılması və psixi rifahın təşviqidir.

Seminarın interaktiv hissəsində psixoloq İlhamə Sultanova tələbələrlə diskussiya aparıb. Müzakirələr zamanı iştirakçılar gündəlik həyatda üzləşdikləri psixoloji çətinliklər, imtahan stresi, ailə və sosial münasibətlərdə yaşanan emosional gərginliklərlə bağlı fikirlərini bölüşüblər. Tələbələrə psixi sağlamlıqlarını qorumaq üçün yuxu rejiminə əməl etmək, balanslı qidalanmaq, fiziki aktivliklə məşğul olmaq və hobbilərə vaxt ayırmaq kimi sadə, lakin effektiv üsullar tövsiyə edilib.

Tədbir çərçivəsində psixi sağlamlıqla bağlı maarifləndirici videoçarxlar və vizual materiallar nümayiş etdirilib, iştirakçılara psixoloji yardım mərkəzləri və mövcud “Qaynar Xətt”lər barədə məlumatlar təqdim olunub.