Bakı Biznes Universitetində “Uşaq hüquqları və psixoloji yanaşma” mövzusunda seminar keçirilib

23 oktyabr 2025-ci il tarixində Bakı Biznes Universitetində tələbələrin sosial məsuliyyətinin və psixoloji həssaslığının artırılması məqsədilə “Uşaq hüquqları və psixoloji yanaşma” mövzusunda maarifləndirici seminar keçirilib. Tədbirdə vurğulanıb ki, uşaq hüquqları yalnız hüquqi deyil, eyni zamanda mənəvi və psixoloji aspektləri özündə birləşdirən mühüm bir sahədir. Uşaqların fiziki, emosional və sosial rifahı onların hüquqlarının qorunması ilə birbaşa əlaqədardır.

Seminarın giriş hissəsində BMT-nin Uşaq Hüquqları Konvensiyası və Azərbaycan Respublikasının “Uşaq Hüquqları haqqında” Qanunu haqqında məlumat verilib, bu sənədlərin uşaqların müdafiəsi və inkişafının təmin edilməsindəki rolu izah olunub. Psixoloq “Uşaq hüquqları və emosional inkişaf” mövzusunda çıxış edərək uşaqlara empatik yanaşmanın önəmini real həyat nümunələri ilə diqqətə çatdırıb.

Tədbirin interaktiv hissəsində tələbələr 4–5 nəfərlik qruplara bölünərək “Uşağın gözü ilə dünya” adlı psixoloji məşğələdə iştirak ediblər. Qruplara uşaq hüquqlarının pozulduğu müxtəlif situasiyalar təqdim olunub:
– Məktəbə getmək istəyən, lakin işləməyə məcbur edilən uşaq;
– Evdə zorakılığa məruz qalan uşaq;
– Təhsildən uzaqlaşdırılan qız uşağı;
– Valideyn qayğısından məhrum uşaq.

Tələbələr hazırladıqları səhnəcikləri təqdim etdikdən sonra moderasiya olunan müzakirələr aparılıb, hər vəziyyət üzrə pozulan hüquqlar müəyyənləşdirilib. Psixoloq isə situasiyaların psixoloji tərəfini təhlil edərək uşaqlara necə dəstək göstərilə biləcəyini izah edib.

Seminarın növbəti mərhələsində refleksiya fəaliyyəti təşkil olunub ki, bu da tələbələrdə empatiya, sosial məsuliyyət və humanist dəyərlərin daha da güclənməsinə şərait yaradıb.

Sonda psixoloq uşaqlara qarşı düzgün münasibətin formalaşdırılmasının sağlam və humanist cəmiyyət quruculuğunda mühüm rol oynadığını vurğulayıb. Tədbir iştirakçıları seminarı həm maarifləndirici, həm də emosional cəhətdən dəyərli bir təcrübə kimi qiymətləndiriblər.