
14 oktyabr 2025-ci il tarixində Bakı Biznes Universitetində tələbələrin maarifləndirilməsi məqsədilə “Erkən nikahın tibbi-psixoloji fəsadları” mövzusunda seminar təşkil olunub. Tədbirdə universitetin psixoloqu İlhamə Sultanova, tibb məntəqəsinin həkimi Nigar Usubova və tələbələr iştirak ediblər. Seminarın əsas məqsədi erkən nikahın tibbi, psixoloji və sosial nəticələri barədə gəncləri məlumatlandırmaq və bu problemin cəmiyyət üçün yaratdığı təhlükələrə diqqət çəkmək olub.
Psixoloq İlhamə Sultanova çıxışında qeyd edib ki, erkən nikah hələ də aktual sosial problem olaraq qalır və bu hal həm fərdin inkişafına, həm də cəmiyyətin rifahına mənfi təsir göstərir. Xüsusilə qızların erkən yaşda ailə qurmağa məcbur edilməsi onların təhsil hüququnu məhdudlaşdırır, şəxsi inkişaf imkanlarını azaldır və psixoloji sabitliyinə zərbə vurur. O bildirib ki, erkən nikah yalnız fərdi həyat tərzi ilə bağlı məsələ deyil, həm də sosial, mənəvi və iqtisadi inkişafı ləngidən amildir. Bu səbəbdən problemin qarşısının alınması üçün maarifləndirmə və hüquqi tədbirlərin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Tədbirdə iştirakçılara Azərbaycanın erkən nikahla bağlı qanunvericiliyinə dair məlumat verilib. Xatırladılıb ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, nikah yaşı həm qadınlar, həm də kişilər üçün 18 yaş müəyyən olunub və bu yaşdan aşağı bağlanan nikahlar qanunsuz hesab edilir. Seminarda Dövlət Statistika Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin son illərdə apardığı tədqiqatlara da istinad olunub. Bildirilib ki, ölkədə erkən nikahların sayı azalmağa doğru getsə də, bəzi bölgələrdə problem aktuallığını saxlayır və davamlı maarifləndirməyə ehtiyac var.
Seminar interaktiv şəkildə davam edib. Tələbələr mövzu ilə bağlı öz fikirlərini bölüşüb, erkən nikahların qarşısının alınması istiqamətində müxtəlif təkliflər səsləndiriblər.